Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarınin tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdir. Yarandığı tarixdən başlayaraq şirkət, 25 ildən çox müddət ərzində regionda nəqliyyat infrastrukturunun inkişafı üçün getdikcə artan tələbləri qarşılamaq məqsədi ilə sürətlə böyüyüb və fəaliyyət dairəsini genişləndirib. Şirkə
t 1995-ci ildə Azərbaycan - Almaniya Birgə Müəssisəsi kimi yaradılıb. 2004-cü ildə isə "AzVirt" Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət kimi yenidən qeydiyyatdan keçib. "AzVirt" MMC-nin yaradıcısı Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli Əli Musa oğlu Əliyev olmuşdur. Şirkətin bu günkü səviyyəyə gəlib çatması və bundan sonra da əldə edəcəyi uğurlar məhz Ə.M.Əliyevin davamçılarının onun yolu ilə fəaliyyətlərini inkişaf etdirməsindən irəli gəlir. Bu yol isə sözün əsl mənasında gələcəyə aparan yoldur. Hal-hazırda "AzVirt" MMC aşağıdakı xidmətlər üzrə ixtisaslaşıb:
• Avtomobil yollarının tikintisi, yenidənqurulması və təmiri;
• Körpülərin, yol ötürücülərinin və digər süni qurğuların tikintisi, yenidənqurulması və təmiri;
• Hava limanları üçün terminalların, uçuş-enmə zolaqlarının, sükan yollarının və perronun tikintisi, yenidənqurulması və təmiri;
• Tikinti materiallarının istehsalı;
• Layihələndirmə işləri. Zəngin iş təcrübəsi və yüksək keyfiyyət standartlarına nail olmaqla, regionun ən böyük tikinti layihələrində baş podratçı kimi iştirak edən "AzVirt" MMC Azərbaycanda ilk dəfə olaraq qırmadaş-mastikalı və polimerli asfaltbeton qarışığını tətbiq edən şirkətdir. İstehsal edilən asfaltbetonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə olunur. Şirkətin ərsəyə gətirdiyi layihələrdən bəzilərini qeyd etmək olar: "Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş enmə zolağının tikintisi", "Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin tikintisi, hava nəqliyyati nəzarət qülləsinin tikintisi, mövcud aerovağzal terminalının yenidənqurulması", "Gəncə, Lənkəran, Zaqatala, Qəbələ hava limanlarının uçuş-enmə zolağı, perron, yönəldici yollar və s. tikintisi, "Formula-1 “Azərbaycan Qran Pri" yarışlarının keçirildiyi trekin təmir-tikinti işləri, "M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolu”nun (92 km) tikintisi və s. "AzVirt" MMC zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Hazırda Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada da böyük layihələr icra olunmaqdadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi şanlı Qələbədən sonra işğaldan azad olunan ərazilərdə geniş tikinti-quruculuq işlərinə başlanılıb. Belə ki, hava və yol nəqliyyatı infrastrukturunun qurulmasında nəzərdə tutulan layihələrin icrasında “AzVirt”' MMC-yə də Azərbaycan dövləti böyük etimad göstərib. Hazırda şirkət Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının layihələndirmə və tikintisi işlərini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Zəfər yolu”, “Əhmədbəyli-Füzuli-Şuşa”, “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd”, “Kəlbəcər-Laçın” avtomobil yollarının bir hissəsi, eləcə də “Füzuli-Hadrud”, “Qoşasu-Daşlı”, “Qoşasu-Pircahan” avtomobil yollarının tikintisini həyata keçirir.
Şirkət ölkəmizdə bir çox nominasiyalarda dəfələrlə "İlin Şirkəti" seçilib, 2015-ci ildə MDB ölkələri arasında ən yaxşı tikinti təşkilatının seçilməsi üzrə keçirilən X Beynəlxalq Müsabiqənin qalibi olub.