CMM - Coğrafiyanı fərqli şərh edirik...
Qloballaşan dünyamızda elm və texnologiyanın sürətlə inkişafı Coğrafiyadan da yan keçməmişdir. Əlbəttə bu dinamik inkişafı müşahidə etmək və ən əsası tətbiq etmək günün ən ümdə tələblərindən biridir. Bir zamanlar coğrafiyanın müasir problemləri arasında yer alan “kosmosun öyrənilməsi” artıq demək olar ki, müasirliyini “itirmək”dədir. İstər kosmosda sayı gündən-günə artan peyklər, istər Marsda artıq qazma ilə məşğul olan “Insight”, istər kosmos fəzasında dövrə vuran Tesla, istərsə də Ayda əkinçiliklə “məşğul olan” “Challenge 4” bu sahədə nə qədər böyük məsafə qət etdiyimizdən xəbər verir. Eyni zamanda texnologiyanın coğrafiya elminə tətbiqi də əsas yenilik kimi qarşıda duran vəzifələrdəndir ki, buna bariz nümunə Coğrafi İnformasiya Sistemləridir (CİS).
Bütün bunların fonunda səhifə olaraq qarşımıza qoyduğumuz məqsəd dünyada və Azərbaycan coğrafiya elmində baş verən yenilikləri, müdafiə edilən əsas müddəaları, xüsusi dəyişiklikləri, eyni zamanda müxtəlif coğrafi-elmi səpkidə təşkil edilən konfrans, seminar və təlimləri işıqlandırmaq, Siz izləyicilərimizin - coğrafiyaçıların, coğrafiya həvəskarlarının, elm xadimlərinin, CİS mühəndislərinin və həvəskarlarının, bakalavr, magistr, doktorant və dissertantların diqqətinə çatdırmaqdır. Hörmətli izləyicilərimizdən tək istəyimiz paylaşılan xəbər postlarına biganə yanaşmamaları, rəy, təkil və iradlarını bildirmələridir. Çünki, biz təklif və iradın olduğu yerdə inkişafın olacağına inanır, elmin yalnız paylaşılıb müzakirə edilincə təşəkkül tapacağından yanayıq.